XƏBƏRLƏR
MƏLUMAT
Zalsburqda Azərbaycan Evində “Yay məktəbi” fəaliyyətə başlayıb
ÜMÜMİ XƏBƏRLƏR
08/07/2024 09:37

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriya Respublikasının Salzburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində “Yay məktəbi” fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, yay tətili boyunca uşaqlar hər gün Salzburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində bu məktəbdən faydalana biləcəklər. Azərbaycan Evinin rəhbəri Fərid Əzizov bildirib ki, məktəbdə mütəmadi olaraq viktorinalar, oxu saatları və sərbəst saatlar təşkil olunacaq. Yay məktəbində şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, alman dili, riyaziyyat, rəsm dərsləri tədris olunacaq. Yay məktəbinə qoşulan şagirdlər arasında artıq azərbaycanlı uşaqlarla yanaşı yerli sakinlər də var və bu da öz növbəsində Azərbaycana və məktəbə artan geniş marağa dəlalət edir. Bundan əlavə bildirilib ki, “Yay məktəbi”nin təşkilində məqsəd yay tətili ilə əlaqədar son tədris ilində şagirdlərin illik qiymətlərində və dərslərində yaranmış zəifliklərin aradan qaldırılması, zəruri bilik və bacarıqların artırılmasıdır.

“Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər də nəzərdə tutulur.

Elgün Niftəli

AZƏRTAC -ın xüsusi müxbiri

Vyana

 

Baxış sayı: 162