XƏBƏRLƏR
MƏLUMAT
“15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2026 22:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Xətai rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon Təşkilatının birgə təşkilatçılığı ilə “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı  konsert proqramı təşkil edilib.

Xətai rayon Heydər Əliyev parkında keçirilən tədbirdə rəsmilər, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar və paytaxt sakinləri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolundan bəhs ediblər.

Bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoyub, müasir dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə edib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını və beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin edib.

Rəsmi hissədən sonra tədbir tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri vətənpərvərlik ruhlu musiqi nömrələri və rəngarəng konsert proqramı ilə davam edib.

Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Baxış sayı: 24