XƏBƏRLƏR
MƏLUMAT
Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/06/2026 16:22

Bakı şəhər Mərdəkan Mədəniyyət Sarayında məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib.

Layihə Azərbaycan KVN Yunior Liqasının təşkilatçılığı ilə keçirilib və Xəzər rayonunda ilk dəfə olaraq məktəblilər arasında bu formatda KVN yarışı təşkil olunub.

Layihənin əsas məqsədi məktəblilər arasında yaradıcılığın, yumor mədəniyyətinin, səhnə bacarıqlarının və komanda ruhunun inkişafına dəstək verməkdir.

Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova , Milli Məclisin deputatı Gülşən Paşayeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Nahid oğlu Mahmud, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Bakı şəhər Gənclər və İdman idarəsinin Xəzər rayon üzrə gənclər və idman idarəsinin sektorunun mudiri Gündüz Vəliyev və digər rəsmilər, rayon ictimaiyyəti, təhsil və mədəniyyət nümayəndələri, valideynlər iştirak ediblər.

Tədbirin bədii rəhbəri və aparıcısı Səməndər Rzayev, layihənin rəhbəri isə Azərbaycan KVN Yunior Liqasının direktoru Cavid Şahbazbəyovdur.

Yarışmada Xəzər rayonunun Binə və Qala qəsəbələrində fəaliyyət göstərən 13 ümumtəhsil məktəbinin komandaları iştirak ediblər.

Münsiflər heyətinin qərarına əsasən Rasim Sadıqov adına 136 nömrəli tam orta məktəb I ,Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəb II, 323 nömrəli tam orta məktəb isə III yerə çıxaraq kuboklarla, digər iştirakçı məktəblərə isə fəxri fərmanlarla təltif olunublar.

Qeyd edək ki, “Yeni Nəsil Kuboku” gənclərin istedadlarının üzə çıxarılması, onların ictimai fəallığının artırılması və yaradıcı potensiallarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihələrdən biridir. 

Baxış sayı: 25