XƏBƏRLƏR
MƏLUMAT
Yağışlı aprelin günəşli “Ulduzu”
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2025 17:24

“Ulduz” jurnalının aprel nömrəsi nəşr olunub.

AZƏRTAC xəbər verir ki, jurnalda əvvəlcə Aqşin Evrənin “Özüylə söhbəti və şeirləri” yer alıb.

“Nəsr” rubrikası Cavid Zeynallının “25 il sonra”, Mirmehdi Ağaoğlunun “Ayda həyat var?”, Nuray Nəzərovanın “Anamın “Xoşbəxtlik qutusu”, Məhliqa Eyvazqızının “Alça ağacı”, Oğuz Ayvazın “Soyuducuya aşiq olan adam”, Maya İmranın “Qara xal” hekayələrini təqdim edir. Qulu Ağsəs “Nəsrin ... mərtəbəsi”ndə gənc yazıçı Məmməd Məmmədlinin kitabından söz açır. “Şeir vaxtı”nda Sahibə Yusif, Təranə Dəmir, Namiq Dəlidağlı, Aysel Fikrət, Adil Həsənoğlu və Şəhriyar Heydər oxucularla görüşə gəlib. “Yazı masası”nda Taleh Mənsurun qonağı məşhur yazıçı Çingiz Abdullayevdir. “Təbriz eli”ndə “Şahmat” əsəri ilə Əli Çağladır. “Tribuna”da Azər Fəraqi “Ürfan ədəbiyyatı İslamın budaq dili”ndən söz açır. “Tənqid”də Vaqif Yusifli “Zövlədən Ufaya: Baloğlan Cəlil” yaradıcılığını incələyir.

“Sənət”də Nəvai Metin “Səttar Bəhlulzadənin özünəməxsus üslubu, realizmə və kökə bağlılığı”nı günümüzə daşıyır. Havar Şəfiyeva və Cabir Həsənin şeirləri də “Ulduz”un aprel nömrəsindədir. “Tərcümə saatı” Fidan Vahidin tərcüməsində Corc Oruellin “Fili öldürdüm” hekayəsini oxuculara təqdim edir. “Debüt”də “Sular hədiyyəsini geri alır” hekayəsi ilə Turqut Nəhmətlidir. “Dərgidə kitab” filologiya elmləri doktoru Sərxan Xavərinin Məhəmməd Füzuli yaradıcılığından II yazısını təqdim edir. “Dərgidə sərgi”də rəsm əsərləri ilə istedadlı məktəbli Xədicə Şahbazovadır.

Baxış sayı: 65