XƏBƏRLƏR
MƏLUMAT
Teatr tariximizdə ilk İblis və... tamaşasının premyerası Sankt-Peterburqda olacaq
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2024 09:39

3-4 sentyabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Akademik Milli Dram Teatrının "İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda - Aleksandrinski Teatrında keçiriləcək. Bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk tamaşadır.

Tamaşanın nümayişindən əvvəl Aleksandrinski Teatrında Akademik Milli Dram Teatrının eskiz və fotolarından ibarət sərgi nümayiş olunacaq.

Sərgidə teatrın tarixi, yerləşdiyi binanın özəlliyi, məşhur rejissorları, aktyorları, teatr hadisələrinə çevrilmiş tamaşaları öz əksini tapır.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.

Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.

Tamaşada Əməkdar artistlər Ayşad Məmmədov və Anar Heybətov (İblis), Elnar Qarayev (İblisin varisi-1), Elşən Cəbrayılov (İblisin varisi-2), aktyorlar Ziya Ağa (Arif), Elsevər Rəhimov (Vasif), Əməkdar artist Vəfa Rzayeva (Rəna), aktyor Elçin Əfəndi (İbn Yəmin), əməkdar artist Elşən Rüstəmov (Elxan), Xalq artisti Kazım Abdullayev (İxtiyar şeyx), aktyorlar Lalə Süleymanova (Xavər), Vüsal Mustafayev (Vasifin dostu), Elçin Nurəliyev (Çavuş, Haydut) və Tural İbrahimov (Kanuni, Haydut) iştirak edirlər.

Tamaşa 4-5-6 oktyabr tarixlərində isə Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq.

Baxış sayı: 84