XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış teatr aktrisası, Xalq artisti Raxil Ginzburqun anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
06/12/2021 01:26

Raxil Ginzburq 1 iyun 1920-ci ildə Bakı şəhərində neftçi Solomon Ginzburqun ailəsində anadan olub. 1937-ci ildə Bakı Teatr Texnikumunun aktyorluq fakültəsinə daxil olan aktrisa 1941-ci ildə buradan məzun olub. 1938-ci ildə, hələ 18 yaşında olarkən Raxil Gənc Tamaşaçılar Teatrının gənc rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi Məhərrəm Haşımovla tanış olub. Həmin il Haşımov Ginzburqların evinə elçi göndərib. Bu zaman Raxil ailəsi ilə birlikdə indiki Dilarə Əliyeva küçəsindəki mütəxəssislər evinin 5-ci mərtəbəsində yaşayırdı. Cütlüyün bu evlilikdən Tamilla adlı qızları dünyaya gəlib. Əməkdar jurnalist Tamilla Haşımova ötən əsrin 70-80-ci illərdə Azərbaycan Televiziyasının məşhur jurnalistlərindən biri olub.

O, səhnə fəaliyyətinə 1941-ci ildən başlayıb, 1943-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub. Bir-birindən maraqlı, rəngarəng obrazlar qalereyası yaradan aktrisa neçə-neçə aktyor nəslinin yetişməsində böyük rol oynayıb.

Raxil Ginzburq 1964-cü ildə “Azərbaycan SSR-nin Xalq artisti” fəxri adına layiq görülüb.

Rahilə Ginzburq 1995-ci il dekabrın 6-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

Baxış sayı: 286