XƏBƏRLƏR
MƏLUMAT
“SALAM” Beynəlxalq Uşaq və Gənclər Filmləri Festivalı başlayır
ÜMÜMİ XƏBƏRLƏR
07/08/2024 17:10

Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədovun təsis etdiyi “SALAM” Beynəlxalq Uşaq və Gənclər Filmləri Festivalı avqustun 26-da Azərbaycan-Avropa Məktəbində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, avqustun 29-dək davam edəcək festivalda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Pakistan, Ukrayna, İtaliya, Almaniya, İsveç, Polşa, Belçika və Böyük Britaniya kimi ölkələrdən 600-ə yaxın məktəbli iştirak edəcək.

Festival 2019-cu ildə “Narimanfilm” Kinostudiyasının Baş direktoru və festivalın baş icraçı direktoru Nəriman Məmmədov tərəfindən təsis edilib.

Azərbaycan Təhsil və Elm Nazirliyi və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənən “SALAM” BUGFF həm yerli, həm də beynəlxalq aləmdə müsbət rəylər alaraq mədəni həyatda özünəməxsus yer tutub. Festival Azərbaycan gəncləri ilə müxtəlif ölkələrdən olan həmyaşıdları arasında dostluq əlaqələrinin formalaşmasına, Azərbaycan mədəniyyətinin təbliğinə və gənc nəslin qlobal mənəvi dəyərlərə uyğun tərbiyə olunmasına şərait yaradıb.

Festivalın builki buraxılışında iştirakçılarda xoş təəssüratın yaradılması və Azərbaycanın mədəniyyət səhəsində canlandırması gözlənilir. Festivalın proqramı və iştirak edən filmlərin siyahısı daha sonra elan ediləcək, yeniliklər festivalın internet səhifəsində və sosial mediada yerləşdiriləcək.

Festivalın əsas məqsədi yüksək keyfiyyətli peşəkar filmləri nümayiş etdirməklə gənclərdə bədii zövq və kino haqqında dərin anlayışın formalaşdırılmasıdır. Təşkilatçılar festivalın gənclər arasında mədəni mübadilə və sənəti qiymətləndirməyə davam edəcəyinə ümidlidirlər.

Baxış sayı: 174