XƏBƏRLƏR
MƏLUMAT
Rejissor təlimlərinin çəkiliş mərhələsinə başlanılıb
ÜMÜMİ XƏBƏRLƏR
06/12/2023 12:01

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı təlimlərinin çəkiliş mərhələsi başlayıb.

AKİ-dən AZƏRTAC-a bildirilib ki, təlim iştirakçıları Qəbələdə, ssenarisi təlim çərçivəsində hazırlanmış “Məhkəmə” qısametrajlı bədii filmi və layihə prosesini müşahidə edən “Çevrilmə” sənədli filmini istehsal edəcəklər.

Filmdə Əməkdar artist İlqar Cahangir və başqa aktyorlar rol alacaq.

Prosesə rəhbərliyi, layihənin mentoru Rövşən İsax edəcək. Filmin bütün yaradıcı heyəti layihədə iştirak edən tələbələrdən ibarətdir. Hazırda filmin çəkilişinə hazırlıq prosesi gedir. Çəkilişlərə bu gün start veriləcək.

“Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinin nəzər hissəsi Bakıda keçirilib. Layihənin birinci mərhələsində mentor Rövşən İsax tərəfindən ideyanın və onun ekran həllinin tapılması, ssenarinin üzərində rejissor işi, hazırlıq mərhələsində rejissorun operator, bəstəkar və rəssamlarla işi, çəkilişə hazırlıq və s. mövzular üzərində təlimlər baş tutub.

Qeyd edək ki, bu tip layihə AKİ-nin 4-cü layihəsidir. Bundan əvvəl “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə yay məktəbi, “Kino istehsalı A-dan Z-yə” intensiv kinorejissorluq kursları, “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihələrini həyata keçirib.

Baxış sayı: 205