XƏBƏRLƏR
MƏLUMAT
“Nağılların audiovizual təqdimatı” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
28/12/2024 16:15

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə “Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində bu dəfə “Məlikməmməd” nağılı təqdim olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi qədim və müasir nağılların gələcək nəsillərə ötürülməsi, dilimizin inkişafı və qorunması, həmçinin uşaqların dünyagörüşünü, düşüncə tərzini, təxəyyül gücünü zənginləşdirmək, onlarda ədəbiyyata, teatra qarşı maraq yaratmaqdır.

Məşhur Azərbaycan xalq nağılı olan “Məlikməmməd” ideya və mövzu baxımından cəsarəti, dürüstlüyü, mübarizliyi tərənnüm edir. Dinamik və patriotik süjet xəttinə malik təqdimatın hazırlanmasında Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilən tamaşanın kadrlarından istifadə olunub.

Layihə çərçivəsində bir çox qədim və müasir nağılların audiovizual təqdimatları nəzərdə tutulub.

Xatırladaq ki, “Nağılların audiovizual təqdimatı” layihəsinin ilk nümunəsi Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması olub.

Baxış sayı: 7513