XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada növbəti treninq təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2024 15:46

Mayın 29-da Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalarda KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar onlayn görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan bildirilib.

Tədbirdə çıxış edən kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova kitabxanalarda son illər proseslərin modernləşdirilməsi, mütərəqqi metod və texnologiyaların tətbiqi sahəsində fəaliyyətin genişləndirilməsindən danışıb.

“Görüşün keçirilməsində əsas məqsəd kitabxanalarda bu istiqamətdə mövcud vəziyyəti analiz etmək, problemləri aydınlaşdırmaq, onların həlli yönündə təklif və tövsiyələrlə çıxış etməkdir. Proqramın tətbiqi məsələləri ilə bağlı mütəmadi olaraq görüşlər keçiriləcək”,- deyə o sözlərinə əlavə edib.

Milli Kitabxananın informasiyalaşdırma və texnoloji inkişaf üzrə direktor müavini Toğrul Kamilzadə proqramın funksiyalarından söhbət açıb.

Tətbiq prosesində meydana çıxan problemlər, keyfiyyətin artırılması yolları barəsində müzakirələr aparılaraq, aktual suallar cavablandırılıb. Müzakirələrdə həmçinin funksionallığın artırılması istiqamətində tövsiyələr də verilib.

Baxış sayı: 132