XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/02/2024 09:42

Fevralın 16-da mədəniyyət nazirinin müavini Səadət Yusifovanın iştirakı ilə mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsi üzrə mütəxəssislərlə hesabat və planlaşdırma görüşü keçirilib.

Görüşün məqsədi 2023-cü il ərzində mədəniyyət və yaradıcı sənayelərin inkişafı istiqamətində görülmüş işlər üzrə yekun nəticələrin təqdim edilməsi, sahədə mövcud olan çətinliklər barədə fikir mübadiləsinin aparılması, həmçinin 2024-cü il üçün planlaşdırılan layihə və tədbirlərə dair məlumatların, müvafiq tövsiyə və tapşırıqların verilməsi idi.

İlk öncə Nazirlik tərəfindən MYS sahəsində 2023-cü ildə görülən işlərə dair hesabat təqdim olunub. Hesabata əsasən bildirilib ki, ötən il ərzində 15 000 nəfər iştirakçının qatıldığı 30 layihə həyata keçirilib, 8 yerli təhsil proqramına start verilib, 20-dək yeni biznes subyektinin formalaşdırılmasına dəstək göstərilib.

Daha sonra CulTech (mədəniyyət sahəsində startaplar), GameTech (oyun texnologiyaları), reklam, dizayn, film, animasiya, yumor, musiqi və media sahələrində fəaliyyət göstərən mütəxəssislər görüş iştirakçılarına təqdimatlar edib, 2024-cü il üçün tədbirlər planına dair təkliflərini səsləndiriblər.

Görüş zamanı qeyd olunub ki, cari il üçün əsas hədəflər sırasında layihələrə daha çox iştirakçı və tərəfdaşların cəlb olunması, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, ekosistem oyunçuları arasında şəbəkələşmə prosesinin davam etdirilməsidir.

Görüş MYS sahəsində iştirakçıları maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Baxış sayı: 108