XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət Nazirliyində bir sıra ölkələrin rəssamları ittifaqlarının təmsilçiləri ilə görüş olub
ÜMÜMİ XƏBƏRLƏR
30/09/2024 17:42

Sentyabrın 30-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Macarıstan rəssamlar ittifaqlarının təmsilçiləri və Ankara Rəsm və Heykəl Muzeyinin direktorundan ibarət heyətlə görüş keçirilib. Bildirək ki, qonaqlar 28 sentyabr – 1 oktyabr tarixlərində Bakıda keçirilən növbəti "Xəzər" Biennalesi çərçivəsində ölkəmizə səfər ediblər. Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli “Xəzər” Biennalesi platformasının əhəmiyyətini qeyd edib.

Bildirib ki, ənənəvi layihə çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə öz töhfəsini verir, təcrübə mübadiləsinə münbit şərait yaradır.

Çıxış edən qonaqlar da biennalenin mədəni mübadilənin dərinləşməsində rolunu vurğulayıb, ortaq sərgilərin keçirilməsinin faydalı olacağını bildiriblər.

Görüşdə “Xəzər” Biennalesinin əhatə dairəsinin ildən-ilə genişlənməsindən məmnunluq ifadə olunub.

Baxış sayı: 174