XƏBƏRLƏR
MƏLUMAT
Masallıda “Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/04/2025 09:49

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 15 aprel tarixində Masallı Dövlət Rəsm Qalereyasında “Müxtəlifliyə qucaq açaq” (Embracing Variety – EV) adlı səyyar rəsm və foto sərgisi açılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli”nə həsr olunan layihənin məqsədi Azərbaycandakı etnik müxtəlifliyi və multikulturalizm dəyərlərinə sadiqliyi nümayiş etdirmək, etnik qruplar arasında dialoqu təşviq etmək və cəmiyyətdə tolerantlığı gücləndirməkdir.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunduqdan sonra tədbir iştirakçıları Heydər Əliyev parkındakı kitab sərgisində Azərbaycanın mədəni müxtəlifliyini əks etdirən, müxtəlif xalqların dilində yazılmış və onların folklorunu, tarixini əks etdirən kitablarla tanış olublar.

Sonra Onbirillik Uşaq İncəsənət Məktəbində azsaylı xalqların folklor kollektivlərinin ifasında konsert proqramı təqdim olunub. Daha sonra tədbir iştirakçıları Masallı Dövlət Rəsm Qalereyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan ölkəmizin tanınmış sənətkarlarının rəngkarlıq və qrafika əsərləri, həmçinin Azərbaycan Fotoqraflar Birliyinin kolleksiyasına aid fotoların yer aldığı sərgiyə baxış keçiriblər.

Baxış sayı: 52