XƏBƏRLƏR
MƏLUMAT
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/11/2023 12:35

Xəbər verdiyimiz kimi, 23-24 noyabr tarixində Azərbaycan Dövlət Film Fondunda Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) elan etdiyi film layihələri müsabiqəsində ərsəyə gətirilən işlərin müdafiəsi (pitçinq) mərhələsi gerçəkləşib. Bu mərhələdə layihələr Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib. Noyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib.

Qeyd olunub ki, dövlət sifarişi, kommersiya və sənət filmi istiqamətlərində 1-i qısametrajlı, 3-ü tammetrajlı sənədli, 2-si qısametrajlı, 4-ü tammetrajlı bədii, 1-i qısametrajlı animasiya olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.

Daha sonra həmin film layihələri ilə bağlı müzakirə aparılıb.

Sonda Ekspert şurasının yekun qərarı elan olunub. Dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihənin 9-u, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin hamısı Ekspert şurası tərəfindən təsdiq edilib. 

Bundan əlavə, istehsalına dəstək göstərilməsi təklif olunan 2 film də mövzu və ideyası nəzərə alınaraq, müəyyən əlavə və dəyişiklik edilmək şərti ilə şura tərəfindən təsdiqlənib.

Xatırladaq ki, film layihələri müsabiqəsi Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən bu ilin 18 iyul tarixində elan edilmişdi.

Baxış sayı: 122