XƏBƏRLƏR
MƏLUMAT
“Evsiz qalmış ay”ın ilk nümayişi Beynəlxalq Festivalda keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
03/04/2024 14:33

Aprelin 16-da “Evsiz qalmış ay” sənədli filmi İsveçrədə keçiriləcək “Visions du Réel” Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Atanur Nəbiyevadır. “Chai Khana media”nın istehsalı olan ekran əsərinin xromometrajı 22 dəqiqədir.

“Evsiz qalmış ay”da yer alan hadisələr rejissorun uşaqlıq günlərini keçirdiyi Avey dağı ərazisində baş verir. O, illər sonra bu dağda qarşılaşdığı nənə və nəvədə öz uşaqlığını tapır. Şəhər həyatından çox uzaqda olan bu ailə həyatlarını ucqar bir komacıqda keçirir. Nənə və nəvənin hər ikisinin daşıdığı Təzəgül adı onları əhatə edən demək olar ki, səhralaşmış dağ görüntüsü ilə poetik ziddiyyət təşkil edir. Onlar daş karxanaları tərəfindən “udulan” və tədricən “əriyən” bu dağda açan son çiçəklərdir. Nənə ilə nəvə arasında zərif və zamandan azad bir bağ üzə çıxır. Onların bu sadə həyatlarının arxa planında görünən monotonluqdan daha böyük şeylər gizlənir.

Baxış sayı: 95