XƏBƏRLƏR
MƏLUMAT
“Ələddinin sehrli çırağı” tamaşası yenidən səhnədə
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2024 15:40

İyunun 18-də Azərbaycan Dövlət Kukla Teatrında “Ələddinin sehrli çırağı” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı, Əməkdar artist Vüqar Camalzadədir.

Birhissəli uşaq tamaşasında rolları Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Rəhim Rəhimov, Elgün Həmidov, Selcan Müseyibova, Ramiz Qəmbərov, Yasin Abbasov, Vüqar İsmayılov və Elnur Xəlilov ifa edəcək.

Şərq ədəbiyyatı və mədəniyyətinin ecazkarlığını tərtibatdan musiqiyə bütün çalarları ilə ehtiva edən sözügedən rəvayət kuklaçıların təsvir dilində özünün orijinal ifadə üslubunu tapıb. Əhvalatın qəhrəmanı Ələddin adlı kasıb oğlandır. Uşaq vaxtı daha tənbəl olan, işi-gücü ən yaxın dostu saydığı meymunu ilə gəzib-dolaşmaq olan Ələddin məşhur kəndirbaz kimi tanınır. Elə bütün məsələ də bundan sonra başlayır. Yolu Bağdad şəhərinə düşür, onun oyununu izləməyə gələn Şahzadəni görür və onunla dost olmaq qərarına gəlir. Sözsüz ki, istəmədən tamahkar Vəzirin də alətinə çevrilir və nəhayət sehrli çırağı tapır və beləcə nağılın sonunda qələbə qazanır.

 

Baxış sayı: 93