XƏBƏRLƏR
MƏLUMAT
Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2024 15:05

Çində yaşayan azərbaycanlılar Pekindəki Fançaodi beynəlxalq məktəbində keçirilən beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər.

AZƏRTAC xəbər verir ki, xalqlar arasında mədəniyyət mübadiləsini təşviq etmək məqsədilə təşkil olunan ənənəvi festivalda 100-ə yaxın stenddə müxtəlif xalqlar öz mədəniyyətlərini nümayiş etdiriblər. Fançaodi beynəlxalq məktəbində təhsil alan azərbaycanlı şagirdlərin və onların ailələrin ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə hazırladıqları milli stenddə Azərbaycanın tarixinə, müasir inkişafına, turizm potensialına, xalqımızın mədəniyyətinə, musiqisinə, xalçaçılıq sənətinə dair kitablar, nəşrlər, bukletlər nümayiş olunub. Stendimizi ziyarət edənlər, həmçinin milli geyimlər, suvenirlər, musiqi alətləri ilə tanış olmaq imkanı əldə ediblər.

Ziyarətçilərə Azərbaycanın dünya sivilizasiyasına verdiyi töhfələr, ölkəmizin tolerantlıq və multikulturalizm dəyərləri, habelə Azərbaycanda keçirilmiş və təşkili nəzərdə tutulan nüfuzlu beynəlxalq tədbirlər, o cümlədən COP29 konfransı, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Festivalda ölkələrin məbəxtlərindən dadlı təamlar, milli musiqi nümunələri təqdim olunub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

Baxış sayı: 174