XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasının 96 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
29/11/2024 09:33

Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Azərbaycan Rəssamlar İttifaqında, Azərbaycan Dövlət Teatr İnstitutunda, V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda çalışıb.

Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssamın əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.

Tahir Salahov “Səhər eşelonu”, “Rezervuar parkı”, “Neftçi”, “Təmirçilər” və “Qara Qarayevin portreti”, “Xəzər üzərində” kimi bir çox əsərlərin müəllifidir. Ulyanovskdə keçirilən A.A.Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın – “Beynəlxalq Adlar” nominasiyasının laureatı adına layiq görülüb.

Tahir Salahov Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb, “Heydər Əliyev” ordeni ilə təltif edilib, Dövlət mükafatları laureatı olub. 2012-ci ildə İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb. Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıb. Dünya şöhrətli rəssam 2021-ci ildə vəfat edib.

Baxış sayı: 29