XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Səfurə İbrahimovanın anadan olmasının 86 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
27/12/2024 15:23

Səfurə Ağabala qızı İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda dünyaya göz açıb. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda təhsil alarkən Akademik Dram Teatrında İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra səhnədə daha bir neçə obraz yaradan tələbə-aktrisa 1961-ci ilin noyabrında teatrın truppasına daxil olub və 2005-ci ilə qədər bu teatrda çalışıb.

Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı Jasmin (“Knyaz”, H.Cavid), Gülnar, Tamara (“Vaqif”, S.Vurğun), Zəhrabəyim, Nazlı (“Anamın kitabı”, “Ölülər”, C.Məmmədquluzadə), Ofeliya (“Hamlet”, V.Şekspir), Saşa (“Canlı meyit”, L.Tolstoy), Sevil (“Sevil”, C.Cabbarlı), Roza, İnci, Qumral, Kamilə (“Küləklər”, “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Toy”, S.Rəhman), Daduno (“Darıxma, ana”, N.Dumbadze), Fernando (“Dəlilər”, Lope de Veqa), Balaxanım (“Adamın adamı”, Anar) və digər obrazları özünəməxsus ifa manerası ilə seçilib, səhnə sənətimizi zənginləşdirib.

Aktrisa səhnədəki uğurlarını kinoda da davam etdirib. O, "Arşın mal alan", “Alma almaya bənzər”, “Tütək səsi”, "Dərviş Parisi partladır", "Bizim Cəbiş müəllim", "Qayınana", “O qızı tapın” və digər bədii filmlərdə yaratdığı yaddaqalan rollarla tamaşaçıların rəğbətini qazanıb.

Səfurə İbrahimova Dövlət mükafatına, “Xalq artisti” fəxri adına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü olub.

Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.

Baxış sayı: 332