XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar rəssam Hüseyn Hüseynovun 90 illiyidir
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2020 01:05

Hüseyn Əli Gülbala oğlu Hüseynov 1930-cu il sentyabr ayının 2-də Bakının Buzovna kəndində anadan olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunu, sonra isə V.İ.Muxina adına Leninqrad Dövlət Rəssamlıq sənaye məktəbini bitirib.

“Şuşa motivləri” mənzərələr silsiləsi hələ tələbə olduğu zamandan tanınmağa başlanıb.

H.Hüseynovun əsərləri ilk dəfə 1954-cü ildə Respublika rəssamlıq sərgisində nümayiş olunub. Azərbaycan Dövlət Sirkinin bədii tərtibat kompleksinə daxil olan “Atlar” (1966), Aeroport mehmanxanasında “Kosmos” (1969), M. Əzizbəyov adına doğum evində “Analıq” (1976), Bakı Dəniz limanında “Tərəqqi” mozaikaları, həmçinin Azərbaycan və Moskva mehmanxanalarının interyerlərini bəzəyən orijinal süjetli vitrajlar rəssamın yaradıcılıq nailiyyətləridir. Eləcə də “Poladəridənlər” (1961), “Tələbə qız” (1963), Azərbaycan qızı, Poladəridən (1964) “Rüstəm” (1965), “Sara” (1968), “Gənclik” (1970), “And (1972), “Yeni həyata doğru” (1977) əsərləri müəllifə şöhrət qazandırıb.

H.Hüseynov Azərbaycanda ilk Azərbaycan dilində rəssamlıq dərsliklərinin müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Rəssamlıq və onun tədrisi kafedrasının yaradıcısı və müdiri olub.

Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır.

Rəssam bir sıra dövlət mükafatlarına, eləcə də Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına, Azərbaycan SSR-nin dövlət mükafatlarına və Azərbaycan SSR-in “Əməkdar rəssam” fəxri adına layiq görülüb.

H.Hüseynov 1987-ci il dekabr ayının 23-də Bakıda vəfat edib, Buzovna kəndində dəfn olunub.

Baxış sayı: 404