XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Almaz Mustafayevanın anadan olmasının 75 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
01/10/2024 09:26

Almaz Əhməd qızı Mustafayeva 1949-cu il oktyabrın 1-də Ağdam şəhərində anadan olub. “Azərbaycanfilm” kinostudiyasının nəzdində kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

Teatrda işlədiyi müddətdə Qaraca qız (“Qaraca qız”, S.S. Axundov, A.Şaiq), Bahar (“Ana laylası”, İ.Coşğun), Ramo (“Əlvida, Hindistan”, Q.Rəsulov), Əhməd (“Tamahkar”, S.S.Axundov), Aycan, Sevinc gülü (“Aycan”, X.Əlibəyli), Gəlincik (“Gəlincik”, A.Şaiq), Nazar (“Sirr”, A.Axundova), Qadın (“Ah, qadınlar, qadınlar”, M.Haqverdiyev), I Xanım (“Yatmış gözəl” B.Marvin), Mariya Frantsova (“Çeburaşka”, E.Uspenski), Tortilla xala (“Buratinonun macəraları”, A.Tolstoy), Zümrüd (“Mən səni sevirəm”, Ə.Əmirli) və başqa obrazlara səhnə həyatı qazandırıb.

“Sehrli xalat”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə maraqlı rollar ifa edən A.Mustafayeva 1997-ci ildə “Qızıl dərviş” mükafatı ilə təltif olunub.

2013-cü il iyun ayının 25-də Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

2014-cü ildə Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmık Milli Dram Teatrı ilə yaradıcılıq əlaqələrində fəal iştirakına görə Rusiya Federasiyası Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

Almaz Mustafayeva 26 dekabr 2020-ci ildə vəfat edib.

Baxış sayı: 99