XƏBƏRLƏR
MƏLUMAT
“Bir, iki – bizimki” tamaşası yenidən səhnədə
ÜMÜMİ XƏBƏRLƏR
09/02/2024 14:19

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quruluşçu rejissoru Əlif Cahangirli olan tamaşada rolları Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Davud Arif ifa ediblər.

Səhnə əsəri dünyagörüşləri fərqli olan iki insanın söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradıb. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.

Əsər bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim olunub.

 

Baxış sayı: 172