XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq Muğam Mərkəzində konsert - “Qəlbimizin səsi”
ÜMÜMİ XƏBƏRLƏR
06/12/2023 17:07

Beynəlxalq Muğam Mərkəzində xanəndə Rəvanə Qurbanova və tarzən Rövşən Qurbanovun “Qəlbimizin səsi” adlı konserti təşkil olunub.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsertdə tanınmış musiqi xadimləri, ifaçıların müəllimləri iştirak edib.

Muğam, xalq və bəstəkar mahnılarından ibarət konsert proqramında şən-şux nəğmələr, Rövşən Qurbanovun sənət dostları ilə birgə duet ifaları, tələbələrinin çıxışları yaddaqalan anlar bəxş edib.

Xalq artistləri Vamiq Məmmədəliyеv, Ramiz Quliyev, Mənsum İbrahimov çıxışlarında Rövşən Qurbanovun tarzən kimi fəaliyyətini yüksək dəyərləndirərək cütlüyü təbrik ediblər.

2007-ci ildə keçirilən Muğam Televiziya Müsabiqəsinin laureatı, eyni zamanda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan Rəvanə Qurbanovanın sənətdəki uğurlarından söz açan Mənsum İbrahimov ifaçıya sənət yolunda uğurlar arzulayıb.

Konsert proqramı ifaçıların rəngarəng çıxışları ilə yadda qalıb.

Baxış sayı: 181