XƏBƏRLƏR
MƏLUMAT
Bakıdakı Rus evində “Liseyli şairlər” ədəbi-musiqili gecə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/12/2023 09:30

Bakıdakı Rus evində Bakı Slavyan Universiteti (BSU) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil olunmuş “Liseyli şairlər” adlı ədəbi-musiqili gecə keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbiri BSU-nun Rus ədəbiyyatı tarixi kafedrasının dosenti Antonina Tretyakova açıb. Onun çıxışı Tsarskoye Selo Liseyinin tarixi və Rusiya dövlətinin həyatında çox böyük rol oynamış liseyin görkəmli məzunlarına həsr olunub.

Şairlərin seirlərini BSU-nun 3 və 4 kurs tələbələri, eləcə də BSU-nun nəzdində lisey-məktəbin 1 sinif şagirdi Mikayıl Həsənli oxuyub.

Gecənin musiqi hissəsini sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina təşkil edib. Konsert proqramında Yuliya Heydərova, Kamilla İmanovanın ifasında Alyona İnyakina və Dilara Kərimovanın müşayiəti ilə liseyli şairlərin şeirlərinə yazılmış romanslar səslənib.

Proqramın qonağı qismində Kurmanqazı adına Qazax Milli Konservatoriyasının magistri Medet Urumbayev çıxış edib.

Baxış sayı: 146