XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Xalq şairi, unudulmaz şəxsiyyət Məmməd Arazın anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/12/2023 09:34

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib.

1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz”  jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub. 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

Xidmətlərinə görə Azərbaycan Respublikasının “İstiqlal” ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib.

Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). 1993-cü ildən onun adına “Məmməd Araz” mükafatı təsis olunub.   

Məmməd Araz 1 dekabr 2004-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Baxış sayı: 235