XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Kinematoqrafçılar İttifaqı 78-ci Kann Beynəlxalq Film Festivalında təmsil olunur
ÜMÜMİ XƏBƏRLƏR
16/04/2025 16:52

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşəbbüsü ilə yaradılmış ilk və yeganə kinoşünaslıq saytı olan kinoyazar.az mayın 13-dən 24-dək keçiriləcək 78-ci Kann Beynəlxalq Film Festivalında akkreditasiyadan keçib.

AKİ-dən AZƏRTAC-a bildirilib ki, saytı müəlliflərindən biri, kinotənqidçi Hacı Səfərov təmsil edərək, festivalda təqdim olunan filmlər haqqında eksklüziv reportajlar hazırlayacaq. Bu hadisə Azərbaycan kinoşünaslığı və mətbuatında bir ilkdir.

Yerli kinotənqidçilərin beynəlxalq festivallarda iştirakına dəstək gələcəkdə də davam edəcək. Bu addım Azərbaycan kinosunun beynəlxalq əlaqələrinin möhkəmlənməsi ilə yanaşı, ermənilərin bizə qarşı olan təxribatlarının qarşısının alınmasında da yardımçı olacaq. Dünya kinosunun tərkib hissəsi olmaq Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas məqsədlərindən biridir.

Qeyd edək ki, Kann Beynəlxalq Film Festivalının builki münsiflər heyətinin sədri, aktrisa Jülyet Binoşdur. Əsas müsabiqədə Ves Andersonun “Finikiya sxemi”, Riçard Linkleyterin “Yeni dalğa”, Yoahim Trierin “Sentimental dəyər” və Sergey Loznitsanın “İki prokuror” filmləri daxil olmaqla 19 film iştirak edəcək. Bundan əlavə, əfsanəvi aktyor Robert De Niroya fəxri “Palma budağı” mükafatı təqdim olunacaq.

Baxış sayı: 147