XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Bəstəkarlar İttifaqında gənc ifaçıların VI Beynəlxalq müsabiqəsi keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
21/11/2023 09:14

Noyabrın 22-23-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, professor Azər Dadaşovun fortepiano əsərlərindən ibarət gənc ifaçıların VI Beynəlxalq müsabiqəsi keçiriləcək.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin proqramına bəstəkar Azər Dadaşovun 2 hissədən ibarət Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Fortepiano və orkestr üçün Poema”sı daxildir.

Müsabiqədə Azərbaycan, Rusiya, Türkmənistan və İranın ali musiqi tədris müəssisələrini bitirmiş gənc ifaçılar iştirak edəcək.

Müsabiqənin qalibləri Bəstəkarlar İttifaqının üzvlərindən ibarət münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyətinin rəhbəri Xalq artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir.

Müsabiqədə ilk 3 yer tutan qaliblərlə yanaşı, ifaları ilə fərqlənənlərə də xüsusi diplom və mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, cari ildə Azərbaycan Bəstəkarlar İttifaqında “Heydər Əliyev İli” ilə bağlı bir sıra maraqlı tədbirlər keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar konsertlər, konfranslar, yeni kitabların təqdimatı olub.

Baxış sayı: 231