XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Amerika qitəsinin ən böyük kitab sərgisində təmsil olunur
ÜMÜMİ XƏBƏRLƏR
28/11/2023 10:08

Milli Məclisin deputatları - Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və Elşad Mirbəşiroğlu Meksikaya işgüzar səfərləri çərçivəsində Amerika qitəsinin ən böyük kitab festivalı – Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Meksikanın Xalisko ştatının paytaxtı Qvadalaxara şəhərində keçirilən sərgidə dünyanın müxtəlif ölkələrdən çoxsaylı müəllif və tərcüməçilər, xarici kitabxanaların nümayəndələri, distributorlar və minlərlə nəşriyyat təmsilçiləri iştirak edir.

Milli Məclisin nümayəndə heyəti sözügedən mötəbər tədbirdə təmsil olunan Azərbaycan stendinə baş çəkib, stendin fəaliyyəti ilə yaxından tanış olub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzillik yubileyinə həsr olunmuş Azərbaycan stendində dahi şəxsiyyətin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablarla yanaşı, ölkəmizin zəngin tarixi, mədəniyyəti, incəsənəti və mətbəxi, o cümlədən Qarabağ, Şuşa haqqında və ölkəmizin həqiqətlərinə işıq tutan çoxsaylı kitablar nümayiş olunur.

Azərbaycan stendi kitabsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi noyabrın 29-dək davam edəcək.

Baxış sayı: 210