XƏBƏRLƏR
MƏLUMAT
Ankarada milli rəqslərimizin təbliğinə dair yeni layihənin icrasına başlanılıb
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2024 09:13

Ankaradakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi incəsənətimizin, o cümlədən milli rəqslərimizin təbliğinə dair yeni layihə həyata keçirir. Layihə çərçivəsində Mərkəzin “Xəzər” Azərbaycan Xalq Rəqsləri Ansamblı və Dərnəyinin gənc rəqqasları üçün ustad dərsləri keçirilir.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, dərslər tanınmış rəqqas-pedaqoq, Azərbaycanın Əməkdar artisti Elnur Süleymanovun rəhbərliyi ilə bir həftə davam edəcək.

Layihənin məqsədi Azərbaycan milli solo və kollektiv rəqs nümunələrinin daha dərindən və düzgün ifasının öyrədilməsi, eləcə də təbliğidir.

Dərslər Azərbaycan və Türkiyə yeniyetmələri ilə yanaşı, digər xalqların nümayəndələri arasında da böyük maraq doğurub.

Qeyd edək ki, ansamblın Mərkəzin nəzdində fəaliyyətinə dair razılıq Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə qrup arasında əldə olunub. Bundan sonra dərnəyin fəaliyyətinin təkmilləşdirilməsi, bu məqsədlə Azərbaycandan gələn mütəxəssislərin iştirakı ilə ustad dərsləri və təlimlərin keçirilməsinə qərar verilib.

Baxış sayı: 101