XƏBƏRLƏR
MƏLUMAT
85 il əvvəl bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası yaradılıb
ÜMÜMİ XƏBƏRLƏR
25/05/2021 02:55

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası xalqımızın milli sərvətidir. Paytaxtımızın nadir memarlıq incilərindən biri olan, unikal akustika imkanları ilə seçilən bu bina XX əsr ərzində Azərbaycan musiqi sənətinin misli görünməmiş inkişafının şahidi olub və bu prosesin gerçəkləşdirilməsində əvəzsiz rol oynayıb.

1910-cu ildə şəhərdə filarmoniya binasının tikilməsi Qavriil Ter-Mikelova həvalə edilir. Mülki mühəndis Qavriil Ter-Mikelov yeni binanın layihəsinin hazırlanması üçün Monte-Karloya ezam edilir. O, Bakı üçün Monte-Karlo filarmoniyasına bənzər bina layihəsi hazırlayır. Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dağüstü parkdan görünüşü Yay klubunun əsas fasadı Ter-Mikelovun layihəsi əsasında inşa edilmiş Sadıxov qardaşlarının evinə, profili isə Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi Mariinski qadın gimnaziyasının binası (Azərbaycan Milli İncəsənət Muzeyinin II korpusu) və Rotşildlərin Bakı kontorunun işlərini idarə edən De Burun sarayına (Azərbaycan Milli İncəsənət Muzeyinin I korpusu) baxır.

Mülkədarlar və neft milyonçuları, zəngin tacirlər və yüksək vəzifəli məmurlar, tanınmış mühəndislər, çar ordusunun zabitləri və başqaları vaxtlarını gecə yarısına kimi burada keçiriblər. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra, 20-ci illərdə bu binada musiqi həvəskarları, müxtəlif orkestr və ansambllar toplaşmağa başlayıb.

25 may 1936-cı ildə Bakı Sovetinin işçi-kəndli və matros deputatları qarşısında simfonik konsertlər idarəsinin bazası əsasında Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. 1936-1937-ci illərdə binada bərpa işləri görülüb.

1937-ci il avqust ayının 11-də isə Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK (b) MK-dan xahiş edilib ki, Əməkdar incəsənət xadimi Müslüm Maqomayevin adını əbədiləşdirməkdən ötrü Azərbaycan Dövlət Filarmoniyasına bəstəkarın adı verilsin. Elə həmin ildən Azərbaycan Dövlət Filarmoniyası respublikamızın mədəni həyatında əvəzedilməz rol oynayır.

Azərbaycan Respublikasının qurulmasından sonra 1996-2004-cü illərdə Filarmoniya binasında əsaslı bərpa və yenidənqurma işləri aparılıb. 27 yanvar 2004-cü ildə Filarmoniya binasının təntənəli açılış mərasimi baş tutub. Açılışda Prezident İlham Əliyev, Mədəniyyət naziri Polad Bülbüloğlu, tanınmış violonçel ifaçısı Mstislav Rostropoviç, Xalq artisti, professor Fərhad Bədəlbəyli iştirak ediblər.

Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir. Bunlar Azərbaycan Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti, F.Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı və bu kol- lektivin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestridir.

2017-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik" statusu verilib.

Baxış sayı: 1159