XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
16/04/2024 12:34

Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, professor, Xalq artisti Ramiz Mirişlinin 90 illiyi ilə əlaqədar “Xalq artisti Ramiz Mirişli” adlı geniş kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə bəstəkarın Milli Kitabxananın fondunda mühafizə olunan əsərlərinin not yazıları yer alıb.

Həmçinin onun həyat və yaradıcılığına həsr olunan kitablar Azərbaycan və rus dillərində nümayiş etdirilir.

Sərgi 1 həftə davam edəcək.

Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1954-cü ildə Asəf Zeynallı adına musiqi məktəbini bitirib. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Bəstəkar yaradıcılığında ən müxtəlif janrlara müraciət edərək, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib.

Dillər əzbəri olan "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar” və digər əsərlərin müəllifidir.

Baxış sayı: 67