XƏBƏRLƏR
MƏLUMAT
“Şeir gülüstanının təkrarolunmaz çiçəyi” – Sergey Yesenin
ÜMÜMİ XƏBƏRLƏR
28/12/2021 00:54

XX əsr rus-sovet ədəbiyyatının istedadlı simalarından biri sayılan Sergey Yesenin 1895-ci il oktyabrın 3-də Ryazan quberniyasının Konstantinovo kəndində anadan olub. Atası Aleksandr və anası Tatyananın vaxtilə zorla xristianlaşdırılan tatar əsilli olduqları ehtimal edilir. Yesenin tatar ( türk) soylu olduğunu onun soyadı da (Yasin, Yasen, Yesen, Yesən) bir daha təsdiq edir. Hər halda, uşaq yaşlarından ətrafda yaşayan tatarlarla sıx ünsiyyətdə olması və onlardan eşitdikləri nağıllar və çoxsaylı şeirlər Yeseninin gələcək həyat yolunun müəyyən edilməsində önəmli rol oynayıb. Yesenin Şərqi doğma anası kimi sevərək, ən yaxşı şeirlərini ona həsr edib. İlk təhsilini kilsə məktəbində alıb, oranı bitirdikdən sonra 17 yaşında ikən Moskvaya gəlib. Əvvəlcə kitab mağazasında, sonra mətbəədə işləyib. 1913-cü ildə Moskva Şəhər Xalq Universitetinin tarix-fəlsəfə şöbəsində azad dinləyici kimi iştirak etməyə başlayıb. Moskva həyatı Yesenini tamamilə dəyişdirib və o, burada dövrün tanınmış yazarları ilə tanış olub.

Moskvada yaşadığı ilk illərdə özünü poeziyaya həsr edən və müntəzəm olaraq şeirlər yazan Yesenin tədricən ədəbi mühitdə tanınmağa başlayıb.1914-cü ildə "Mirok" jurnalında ilk şeirləri dərc edilib. Bu şeirlər ona yeni bir şöhrət gətirib.

Yeseninin sağlığında təkrar nəşrlər də nəzərə alınmaqla, 30-a yaxın kitabı nəşr olunub. İlk kitab – "Радуница" 1915-ci ilin noyabr ayında - 1916-cı il, son kitab – "Персидские мотивы" 1925-ci ildə çap olunub.

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər.

Lirik rus şeirinin ən görkəmli simalarından olan, istedadı ilə tanınan XX əsrin əvvəllərində yazıb-yaratmış tanınmış rus şairi Sergey Yesenin Bakı xatirələrini bir neçə dəfə qələmə alıb. Bakı şairin həyatı və ruhu üzərində xüsusi bir iz buraxıb.

Yesenin Bakıda bir neçə dəfə olub. İlk dəfə 1920-ci ildəki qısa səfəri Yeseninə Bakını tanıdıb. Daha sonra  bir neçə dəfə də bu şəhərə yolu düşüb. Sonuncu dəfə 1925-ci ilin martında Bakıya gələn şair 2 aydan çox burada qalıb, Mərdəkanda yaşayıb. 

1924-1925-ci illərdə Yesenin Bakıda olduğu dövrdə Bakı mətbuatında onun 39 əsəri (37 şeir və 2 poema) dərc edilib, o cümlədən sevgi poeziyasında xüsusi yeri olan, Yeseninin sevgi himni sayıla biləcək “İran nəğmələri” silsiləsindən bir sıra şeirlər burada – Bakıda yazılıb. Ümumilikdə, 1924-1926-cı illərdə Yeseninin Bakı mətbuatında 51 əsəri (48 seir və 3 poema) dərc edilib. Onlardan 50-si (47 şeir və 3 poema) “Bakinski raboçi” qəzetində işıq üzü görüb. Bu əsərlərin 45-i (43 şeir və 2 poema) Yeseninin sağlığında, 5-i isə (4 şeir və 1 poema) ölümündən sonra çap olunub.

Yeseninin Mərdəkandakı bağ evi AMEA-nın tərkibində Mərdəkan Dendraparkında yerləşir. Bağdakı mülkün bir neçə otağı Yeseninin ev muzeyi kimi qorunub saxlanılır.

Yeseninin Bakıdan gedərkən yazdığı “Əlvida Bakı” şeiri yaradıcılığının zirvə nöqtələrindən birinə çevrilir. 

Sergey Yesenin 1925-ci il dekabrın 28-nə keçən gecə 30 yaşında Leninqraddakı (indiki Sankt-Peterburq) “Anqleter” otelində özünü asaraq intihar edib. Deyilənə görə, şair həmin dövrdə depressiyada olduğu üçün özünə qəsd edib.

Baxış sayı: 414