XƏBƏRLƏR
MƏLUMAT
Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının əfsanəvi Məcnunu - Hüseynqulu Sarabski
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2020 03:25

Azərbaycanın Xalq Artisti, görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi Hüseynqulu Sarabski XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardandır.

Professional musiqi teatrının banilərindən biri olan Hüseynqulu Sarabskini səhnəmizin əfsanəvi Məcnunu adlandırırlar. Sənətə Şərqin və Azərbaycanın ilk operası, dahi Üzeyir  Hacıbəylinin “Leyli və Məcnun” zirvəsindən başlayan sənətkar bütün ömrünü bu zirvənin məsuliyyətini və ucalığını dərk edərək yaşayıb, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olub. Səhnədə olduğu 30 ildən artıq bir müddətdə Məcnun rolunu 400 dəfə ifa edib.

1879-cu ildə Bakıda kasıb bir ailədə doğulan, gözəl səsə malik olan Hüseynqulu uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Görkəmli sənətkarın  Sarabski təxəllüsünü götürməsinin maraqlı tarixçəsi var. 12 yaşında olarkən ilk dəfə həvəskarların ifasında “Xan Sarabi” adı ilə tamaşaya qoyulmuş Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” komediyasına baxır. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də tamaşadan aldığı güclü təəssüratla bağlıdır. 

Hüseynqulu Sarabski  teatra çətin bir dönəmdə gəlib. Ancaq o, teatrda, aktyorluq sənətinə qarşı çıxanların tənəsinə, hədə-qorxularına baxmayaraq öz arzularına doğru inamla irəliləyib. Onun teatra gəlməsində, tanınan ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhimbəy Məlikovun, Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub.

İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun “Dilin bəlası” pyesində Rəsul rolunu ifa edən Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli obrazlar yaradıb.

Baxış sayı: 1553