XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Adil Kərimli Qəbələdə vətəndaşların müraciətlərini dinləyib
ÜMÜMİ XƏBƏRLƏR
28/02/2025 15:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 28-də Qəbələ rayon Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib.

Əvvəlcə nazir Adil Kərimli və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşlar tərəfindən səsləndirilən hər bir məsələnin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

Baxış sayı: 48