XƏBƏRLƏR
MƏLUMAT
Daşkənddə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
25/02/2025 09:15

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandan gəlmiş qonaqlar, diasporumuzun fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə foyedə Xocalı faciəsi haqqında foto və kitab sərgisinə baxıblar.

Mərkəzin Heydər Əliyev Muzeyində keçirilən mərasimdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, faciə haqqında sənədli film nümayiş edilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini bildirib. Səfir faciə zamanı həlak olanlarla bağlı konkret faktları göstərib, Xocalı soyqırımının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu xatırladıb. O deyib ki, Prezident İlham Əliyevin səriştəsi, uzaqgörən siyasəti sayəsində torpaqlarımız işğaldan azad edilib, işğalçılar layiqli cəzalarını alıblar. Səfir bildirib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası keçirilir. Bu kampaniya çərçivəsində Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirib və bu istiqamətdə fəaliyyət davam edir.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov Xocalıda dinc əhalinin qəddarlıqla qətlə yetirilməsini pisləyib, qardaş Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçılarının hamısının məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib.

Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Adxambek Alimbekov, şair və tərcüməçi Şəhla Qasımova, özbək şairi Kərim Bəhriyev və başqaları vurğulayıblar ki, həmin dəhşətli gecədə azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insan xüsusi qəddarlıqla qətlə yetirilib, minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.

Sonra şair İradə Əlilinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilində tərcümə edilmiş “Xocalı: şahidlər danışır” kitabının təqdimatı olub. Kitabın müəllifi İradə Əlili Xocalı faciəsini əsrin ən böyük soyqırımlarından biri kimi xarakterizə edib, kitabın yaranma zərurətindən danışıb.

Baxış sayı: 40