XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistanda “Şərq vəhdəti: Mirzə Qədim İrəvani və özbək ornamentləri” adlı rəsm müsabiqəsi keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2025 15:41

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur arasında görüş keçirilib.

Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə dövlət başçılarımızın mədəniyyətin, xüsusilə təsviri və tətbiqi sənətin inkişafına böyük diqqət ayırdıqları vurğulanıb. Bildirilib ki, onların milli irsin qorunması, sənət adamlarının dəstəklənməsi və beynəlxalq mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı mühüm addımlar sahənin inkişafına böyük təkan verib.

Qeyd olunub ki, ötən il Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində açılan "Azərbaycanın sənət incilərində yaşayan milli irsi" adlı sərgi qardaş ölkə ictimaiyyəti arasında böyük maraqla qarşılanıb. Sərgidə təqdim olunan qrafik əsərlər, xalçalar və digər əl işləri ziyarətçilərdə zəngin təəssürat yaratmışdır.

Görüş zamanı iki ölkə arasında təsviri və tətbiqi sənət rəssamlarının qarşılıqlı sərgilərinin keçirilməsi məsələləri müzakirə olunub.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunması ilə bağlı Sərəncamı ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkənin rəssamları arasında "Şərq vəhdəti: Mirzə Qədim İrəvani və özbək ornamentləri" adlı müsabiqənin keçirilməsi təklifi, bu əsərlərin sərgisinin açılışı, habelə ustad dərslərinin keçirilməsi Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

Baxış sayı: 36