XƏBƏRLƏR
MƏLUMAT
Xocalı soyqırımından 33 il ötür
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 09:45

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsindən 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xalqımız 33 ildir ki, bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub. Sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün şəhərdə müasir standartlara uyğun evlər tikilib, infrastruktur yenilənib, məktəb, bağça, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə verilib. Eyni zamanda, ərazidə məşğulluğun təmin edilməsi üçün müxtəlif iqtisadi və sosial layihələr həyata keçirilir.

Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider birliyi, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Artıq Xocalı soyqırımı günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.

 

 

Baxış sayı: 58