XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Həsənağa Sadıqovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
06/12/2022 23:26

Həsənağa Sadıqov 7 dekabr 1950-ci ildə Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O, xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb.

1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetini “Mədəni-maarif işi” ixtisası üzrə bitirib. 1985-ci il H. Sadıqovun həyatında daha əlamətdar tarix olub. Həmin ildə Ümumdünya musiqi festivalında iştirak edən Həsənağa müəllim bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın Qızıl medalı ilə təltif olunub.

Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib. 1988-ci ildə Həsənağa Sadıqova “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adları verilib. Onun köməklik və təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb.

Həsənağa Sadıqov 1 avqust 2018-ci ildə uzun sürən xərçəng xəstəliyindən vəfat edib. Salyan rayonu Noxudlu kənd qəbiristanlığında dəfn olunub.

Baxış sayı: 399