XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Fərəc Qarayevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
19/12/2019 00:47

Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti, dosent, professor Fərəc Qarayev 1943-cü il dekabrın 19-da anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1966-cı ildə professor Qara Qarayevin sinfi üzrə bitirib. 1991-ci ildən fasilələrlə Bakıda və Moskvada yaşayıb.

1966-cı ildən Azərbaycan Konservatoriyasında dərs deməyə başlayıb. 1999-cu ildən P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının “Musiqi nəzəriyyəsi” kafedrasının professorudur.

1994-1996-cı illərdə Moskvada Müasir Musiqi Assosiasiyasının (ACM) vitse-prezidenti olub. 1995-ci ildən Bakıda “Yeni musiqi” cəmiyyətinin prezidentidir. 1980-1994-cü illərdə “BaKaRa-ensemble” kollektivinin bədii rəhbəri funksiyasını həyata keçirib.

2003-2005-ci illərdə Kazan Konservatoriyasının bəstəkarlıq kafedrasında professor kimi çalışıb. A.Krupp Fondunun təqaüdçüsü olub, 1991-ci ildə Volkwang Hochschule Essen’də Composer-in-residence kimi fəaliyyət göstərib.

Bəstəkarın yaradıcılığını üslub cəhətdən dəqiq xarakterizə etmək çox mürəkkəbdir, postmodern estetikasının bir çox bədii istiqamətləri və müxtəlif bəstəkarlıq texnikaları Qarayevin yaradıcılığının müxtəlif dövrlərinə təsadüf edir - buraya neoklassisizm və serializm, puantilizm və sonoristika, collage, instrumental teatr və s. aiddir.

Musiqisi MDB, Avropa, Cənubi Amerika ölkələri, ABŞ, Yaponiyada keçirilən müxtəlif festival və konsertlərdə ifa olunub.

Baxış sayı: 93049