XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar incəsənət xadimi, aktyor və rejissor Hüseynağa Atakişiyevin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
09/04/2021 01:23

Hüseynağa Ağaһüseyn oğlu Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakının məşhur Çəmbərəkənd məhəlləsində dünyaya göz açıb. Üç uşaqlı ailənin (1 qız, iki oğul) böyük oğlu idi. 6 yaşında ikən anası gözlərinin önündəcə ölür. Bu səhnədən böyük sarsıntı keçirən uşaq baş götürüb evdən qaçır, onu bir neçə gün sonra şəhəri "ələk-vələk edib" tapırlar. Sonralar az qala hər kəsin, onun ən yaxınlarının dediyi xarakterindəki ciddilik, dalğınlıq və kövrəklik bəlkə də qəlbisınıq uşaqlıq illərindən gəlib.

Yoxsul həyat evin böyük oğlu olan Hüseynağanı hələ 12-13 yaşlarından işləyib pul qazanmağa vadar edir. Ancaq o, dərslərindən, təhsilindən də qalmır. Həm işləyir, həm də böyük səylə təhsilini davam etdirir.

Tale onu öz ayaqları ilə teatra gətirir, ömrünün sonuna kimi bir daha burdan ayrılmamaq şərtilə. İlk işi də teatrda işıqçılıq olur. Arada cəmi iki il sevgili teatrından ayrı düşür, o da hərbi xidmət keçmək üçün. Bundan sonra yenidən uzun, şərəfli teatr yolu davam edir.

Bu sevgi onu M.Əliyev adına İncəsənət İnstitutuna gətirib çıxarır. Burada dörd il boyunca teatr professoru Mehdi Məmmədovdan aktyor sənətini öyrənir.

1975-ci ildə universiteti bitirdikdən sonra dostu, Moskva Teatr İnstitutunun məzunu Vaqif Abbasovla Şəkidə teatr yaratmağa gedirlər. Beləcə Şəki Dövlət Teatrında aktyor kimi işə başlayır. Bir il sonra isə teatrın yaradıcı prosesinə rəhbərlik H.Atakişiyevə keçir, o, həmin teatrda həm də baş rejissor olur.

Bu teatrda "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara") tamaşası onun ilk rejissor işi olur və ona uğur gətirir. Məhz orada Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olur.

Rejissor kimi Şəkidə qazandığı ardıcıl böyük uğurların səs-sədası Bakıya da gəlib çatır və bir neçə il sonra Hüseynağa Atakişiyevi Bakıya dəvət edirlər.

1985-ci ildə Hüseynağa Atakişiyev artıq Milli Dram Teatrında çalışır, tamaşalara quruluş verir. Amma onunku burada gətirmir, ilk gündən tətbiq etməyə başladığı yenilikləri kollektiv arasında qəbul etməyənlər vardı.

Milli Dram Teatrından uzaqlaşdığı 1989-cu ildə o, özünün Gənclər Teatrını yaradır və xeyli istedadlı cavan aktyorları bura cəlb edə bilir. Bu teatr elə 1989-cu ilin mart ayının 27-də Yusif Səmədoğlunun "Qətl günü" tamaşası ilə öz yaradıcılıq fəaliyyətinə başlayır. 1993-cü ildə isə teatra Dövlət statusu verilir. H.Atakişiyev 17 il bu teatra rəhbərlik etməklə, böyük səs-küyə səbəb olan tamaşalar hazırlayır.

Dünyanın iyirmidən artıq məşhur dramaturqunun ilk dəfə Azərbaycan səhnəsinə gəlişi də məhz onun adı ilə bağlıdır. O, 20-dən artıq dünya dramaturqlarının pyeslərini dilimizə tərcümə edib. Televiziya və kütləvi tamaşalar üçün ssenarilər yazıb.

2006-ci il aprelin 9-da hamı üçün yaxşı adam elə teatrdaca, iş prosesində qəfildən gələn beyninə qansızması (beyin infaktı) xəstəliyinin ardından həyatdan köçür.

Hüseynağa Atakişiyevin son tamaşası Firuz Mustafanın "Qara qutu" əsəri olub. Təəssüf ki, sağlığında bu tamaşasının premyerasını görmək ona qismət olmayıb.

Onun yaratdığı teatr 2009-cu ilə kimi öz işini davam etdirib. 2009-cu ildə Dövlət Gənclər Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirilib.

Hüseynağa Atakişiyev 3 dəfə ailə qurub. İlk evliliyi aktrisa Gülşad Baxşıyeva ilə olub. Onların 2 oğlu var idi. Aktyor ikinci dəfə aktrisa Şahzadə Babayeva ilə evlənib və bu evlilikdən bir oğlu olub. Üçüncü dəfə aktrisa Nəsibə Eldarova ilə evlənir. Bu evlilikdən övladı olmur.

Baxış sayı: 243