XƏBƏRLƏR
MƏLUMAT
Ölümü ilə əbədiyyətə qovuşan qəhrəman İsrafil Şahverdiyev
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2021 02:15

İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olub. 1959-1969-cu illərdə orta məktəbdə təhsil alıb, 1971-1974-cü illərdə hərbi xidmətdə olub. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində polis olaraq əmək fəaliyyətinə başlayıb.

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxıb. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirib. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük olub. 1991-ci ildə Qaladərəsi kəndinin azad edilməsi üçün plan hazırlayıb. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkiliblər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib və onlarla erməni silahlısını məhv edib.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girib. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilib. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olub. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçib və qarşı tərəfdən atılan güllə onun həyatına son qoyub.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli 262 saylı Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır.

Baxış sayı: 752