XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar incəsənət xadimi, şair Vaqif Bayatlı Odər
ÜMÜMİ XƏBƏRLƏR
01/10/2021 01:25

Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil alıb. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti Mərkəzi Şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləyib. "Xəzər" toplusunun baş redaktoru olub. 

Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilib. Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak edib. Vaqif Bayatlı Odər “Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” əsərlərinin müəllifidir.

O, Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"nın və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski” mükafatının laureatıdır. 2019-cu il mayın 24-də "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Baxış sayı: 301