XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Xuraman Hacıyevanın anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/02/2021 01:05
Xalq artisti Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Bakıda doğulub. 
 
Xuraman Hacıyeva çəkildiyi filmlər və televiziya tamaşalarıyla, səhnədə yaratdığı obrazlarla yaddaşlarda iz buraxmış aktrisadır. O, 1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Arşın mal alan" bədii filmində Asya rolunu canlandırıb və bu ekran işi aktrisaya şöhrət gətirib.
 
Sonralar Seyid Hüseynin "Gənclik macərası" televiziya tamaşasında ifa etdiyi Şirinnaz ilə daha da məşhurlaşan aktrisa çalışdığı teatrda bir-birindən maraqlı obrazlar yaradıb.
 
1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayan aktrisa teatrdakı fəaliyyətinə görə 1979-cu ildə əməkdar artist, 1999-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. GTT-də oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Cemma ("Ovod", Etel Lilian Voyniç) akrisanın yaradıcılığında xüsusi yer tutur.
 
Ömrünün son illərində ürək xəstəliyindən əziyyət çəkən Xuraman Hacıyeva 2005-ci il fevralın 15-də qəflətən vəfat edib.
Baxış sayı: 731