XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycanın Əməkdar artisti Nəsibə Eldarovanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/01/2021 00:54

Azərbaycan aktrisası, Azərbaycanın Əməkdar artisti (2014) Nəsibə Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub və 2 il Rza Təhmasibin kursunda (sonralar Nəsir Sadıqzadənin kursunda) təhsil alıb. Bir müddət ali məktəbdən uzaqlaşsa da, sonradan universitetə bərpa olunub. İnstitutu bitirdikdən sonra kinostudiyada fəaliyyətə başlayıb.

1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlir və orada 20 il müddətində 100-dən çox tamaşada çalışıb. 2009-cu ildə verilən qərara əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra aktrisa burada işə başlayıb.

Nəsibə Eldarova “Arşın malçı” (film, 1985), “Bəyin oğurlanması” (film, 1985), “777 №-li müəssisədə” (film, 1988) (qısametrajlı bədii süjet, “Mozalan” kinojurnalı № 129), “Yeni iş üsulu” (film, 1989), “Kommersiya” (film, 1992), “Qara "Volqa"” (film, 1994), “Yuxu” (film, 2001), “Bomba” (film, 2005), “Kişiləri qoruyun” (film, 2006), “Ci-Mi” (film, 2008), “Səhərə inan...” (film, 2011), “Həkimlər, Döngələr” (2012), “Bir ovuc torpaq” (2013), “Oğurlanmış arzular” (film, 2015), “Məryəm” (serial, 2016), “İkinci güllə” (film, 2017) kimi ekran əsərlərində çəkilib.

Nəsibə Eldarova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb.

Baxış sayı: 493