XƏBƏRLƏR
MƏLUMAT
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə növbəti konsert
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2025 14:51

Beynəlxalq Muğam Mərkəzinin yaradıcı kollektivi Cahangir Cahangirov adına Xor Bəstəkarlar İttifaqında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən yubiley tədbirlərin əhəmiyyətini vurğulayıb.

“Üzeyir Hacıbəylinin Azərbaycanın musiqi tarixində müstəsna yeri var. Bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsi respublikamızın musiqi həyatında əlamətdar hadisədir”,-deyə Xalq artisti əlavə edib. O, Üzeyir Hacıbəylinin yaradıcılığı, xor kollektivinin fəaliyyəti haqqında fikirlərini bölüşüb. Cahangir Cahangirov adına Xorun fəaliyyətini yüksək dəyərləndirərək kollektivə Üzeyir bəyə həsr etdiyi konsertdə uğurlar arzulayıb.

Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə təqdim olunan musiqi proqramında “Leyli və Məcnun” operasından bəstələr, “O olmasın, bu olsun” operettasından duetlər, “Arşın mal alan” operettasından musiqili səhnələr, xalq mahnıları və bəstəkarın digər əsərləri səsləndirilib. Konsertdə solo ifalarda beynəlxalq və respublika müsabiqələr laureatı Güllü Muradova və xor kollektivinin solistləri yer alıb.

Baxış sayı: 52