XƏBƏRLƏR
MƏLUMAT
“Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi Ankarada!
ÜMÜMİ XƏBƏRLƏR
26/05/2025 09:50

31 may 2025-ci il tarixindən etibarən Ankara Rəsm və Heykəl Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr edilmiş “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi açılacaq. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından 40-dək unikal sənət əsəri nümayiş olunacaq. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Ankara Rəsm və Heykəl Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Bu unikal sərgidə İrəvanda yaşayıb-yaratmış Mirzə Qədim İrəvaninin qrafik portretləri, vaxtilə İrəvan Sərdar sarayını bəzəmiş divar pannolarının surətləri nümayiş etdiriləcək. Bununla yanaşı ekspozisiyada İ.Zankovski N.Qruşevin İrəvanı təsvir edən əsərləri, görkəmli rəssam Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsi, Xalq rəssamı Hüseyn Əliyevin portretləri, eləcə də İrəvanın kübar saray mühitini əks etdirəcək dekorativ-tətbiqi sənət nümunələri yer alacaq.

Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə“Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə çəkilmiş “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş olunacaq.

Sərgi 18 iyul 2025-ci il tarixinədək davam edəcək.

Baxış sayı: 61