XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycanım” beynəlxalq rəsm festivalı təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
26/05/2025 16:15

Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festival “Azərbaycan səni sevirəm!” şüarı və “Mənim gözlərimlə Azərbaycan!” mövzusuna həsr olunub.

Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi, Naxçıvan Rəssamlar Birliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi təşkil edib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Milli Məclisin deputatlar Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, Xalq rəssamları Ağaəli İbrahimov və Arif Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov festivalla bağlı fikirlərini bölüşüblər.

Festival çərçivəsində elan olunan beynəlxalq müsabiqəyə Azərbaycanla yanaşı, ABŞ, Belarus, İran, Türkiyə, Qazaxıstan, Rusiya, Çin, Peru, Hindistan və Myanmadan olmaqla 2 minə yaxın 8-21 yaş arası yeniyetmə və gənc qatılıb. Sərgilərdə 900-ə yaxın rəsm əsəri nümayiş olunub və bu əsərlərin müəlliflərinə sertifikatlar təqdim edilib. Əcnəbi iştirakçılar tərəfindən elektron poçt vasitəsilə göndərilən əsərlər çap edilərək çərçivədə sərgilənib, müəlliflərinə diplom və sertifikatlar göndərilib. Festival iştirakçıları hər yaş qrupu üzrə I, II və III yerlər, eləcə də həvəsləndirici mükafat, diplom və hədiyyələrlə təltif olunublar.

Tədbirin əsas məqsədi Azərbaycanın uşaqlar və gənclər tərəfindən necə görüldüyünü əks etdirmək, milli mədəniyyətin təbliği, eləcə də yerli və xarici iştirakçılar arasında mədəni mübadiləni təşviq etməkdir.

Baxış sayı: 64