XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı və peşəkar pilot-Antuan de Sent Ekzüperi
ÜMÜMİ XƏBƏRLƏR
29/07/2021 02:22

Antuan de Sent Ekzüperi-fransız yazıçı, peşəkar pilot, filosof və humanist insan olub. Onun əsl adı-Antuan Mari Jan-Batist Roje de Sent-Ekzüperidir. Yazıçı 29 iyun 1900-cü ildə Leon şəhərində dünyaya gəlib.  Yazıçı tez-tez uçuşla yazıçılığın insana eyni hissləri yaşatdığını vurğulayıb. Nəsr janrına üstünlük verən Antuan reallıqla fantaziyanı uğurla uzlaşdırıb.

Balaca Antuanın 4 yaşı olanda atası dünyasını dəyişib və bundan sonra uşaqların tərbiyyəsi ilə anaları məşğul olub.

1908-ci ildən 1914-cü ilədək Antuan və onun qardaşı yəhudi kolleci olan Le-Manda təhsil alıblar, daha sonra isə qardaşlar təhsillərini artırmaq üçün katolik pansiona üz tutublar. 1917-ci ildə Antuan memarlıq üzrə əlavə təhsil əldə edir.

1921-ci ildə Sent-Ekzüperi hərbi xidmətə yollanır və qırıcı aviasiya üzrə ikinci alaya düşür.  Əvvəlcə gənc oğlan təmir emalatxanasında usta kimi çalışır və 1923-cü ildə pilot kurslarını müvəffəqiyyətlə başa vuraraq mülki pilot dərəcəsini əldə edir. Bundan çox vaxt keçməmiş Antuan Mərakeşə yollanaraq hərbi pilot kvalifikasiyası qazanır.

1922-ci ilin sonunda Antuan ilk təyyarə qəzasını keçirir və bu hadisədən sonra gənc  Antuan Parisdə qalmağı qərara alır və orada ədib fəaliyyətini davam etdirir. Yazıçı kimi Antuan maddi cəhətdən çətinlik çəkib və bu səbəbdən vaxtaşırı kitab mağazasında satıcı kimi də işləyib.

1926-cı ildə Antuan yenidən aviasiyaya qayıdır və qəbul olunduğu hava yolları şirkətində bir ildən sonra rəhbər kimi təyin olunur. Elə həmin illərdə onun debüt əsəri sayılan “Pilot” hekayəsi nəşr olunub və bundan sonra Antuan müxtəlif nəşriyyatlarla müqavilə bağlayaraq mütəmadi olaraq hekayələr yazıb.

Yazıçıya məşhurluq qazandıran əsər -“Balaca şahzadə” əsəridir. Bu gün əsəri uşaqlar və böyüklər eyni həvəslə oxuyurlar. Alleqorik hekayə, ilk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub.

Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdur, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırır.

Ekzüperi Almaniya Fransanı işğal etdikdən sonra Nyu-Yorka köçür və 1943-cü ildə “Reynal-Hiçkok” nəşriyyatı tərəfindən ingilis dilində çap olunan “Balaca Şahzadə” kitabı işıq üzü görür, tərcümənin müəllifi-Katerina Vuds olub.Ardınca fransız dilində də çap olunur. Fransada ilk dəfə 1946-cı ildə “Edisyon Qaymar” nəşriyyatı tərəfindən çap olunub. “Balaca Şahzadə” 180 dil və dialektlərə tərcümə olunub. İtaliyada friul, Malidə bamana, İspaniyada araon, Kürasaoda kreol və Fransada qaskon dillərinə, təkcə Hindistanda hindi, teluqu, marathi, pəncabi, tamil, malayalam, benqal və konkani, Çində 30-dan və Koreyada 60-dan çox dillərdə nəşrlər var.

Azərbaycan dilinə ilk dəfə 1987-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən Astrid Lindqren və Ceyms Fenimor Kuperin əsərləri ilə birgə çap olunub.2001-ci ildə “Əbilov, Zeynalov və oğulları” nəşriyyatı tərəfindən Əziz Gözəlov və Yaqut Qurbanovanın tərcüməsi, 2008-ci ildə isə Fransanın Azərbaycandakı səfirliyinin köməyi ilə yenidən çap olunub.

1944-cü ilin 31 iyul tarixində Ekzüperi Korsika adasındakı Borqo hərbi hava limanından idarə etdiyi təyyarə ilə havaya qalxıb. Ona düşmən əraziləri üzərində kəşfiyyat aparmaq tapşırılıb. Necə deyərlər, tapşırıq olduqca riskli idi. Hərbi təyyarəçilərin dili ilə desək düşmənlə hava döyüşləri ilə müqayisədə kəşfiyyat uçuşlarında sağ qalmaq ehtimalı olduqca az hesab edilib, çünki hər an kəşfiyyat təyyarəsini yerdən vurulmaq təhlükəsi gözləyib. Bu uçuş onu əbədiyyətə aparan və müəmmalı ölümü ətrafında çoxlu sayda mif və rəvayətlərin yaranmasına səbəb olacaq sonuncu uçuş olub. Ekzüperi bu uçuşdan bir daha geri qayıtmayıb. Onun təyyarəsinin vurulması, qəzaya uğraması və ya özünün düşmən əlinə keçməsi barədə isə uzun illər hər hansı bir məlumat əldə etmək mümkün olmayıb.

Ekzüperinin hansı şəraitdə həlak olması ilə bağlı axtarışlar uzun müddət bir nəticə verməyib. Buna baxmayaraq, müharibədən sonrakı illərdə Fransa hökuməti Ekzüperinin müəmmalı şəkildə həlak olması ilə bağlı məsələni araşdırıb. Bu məqsədlə faşist Almaniyasının və onun müttəfiqi İtaliyanın hərbi hava arxivləri yoxlanılıb, lakin ən gizli arxivlərdən belə, Ekzüperinin təyyarəsinin vurulması və ya onun əsir alınması barədə hər hansı bir məlumat tapmaq mümkün olmayıb. Artıq Ekzüperi ilə bağlı əsl həqiqətin üzə çıxarılmasının mümkün olmayacağını görən Fransa hökuməti sonda axtarışları dayandırmağa məcbur olub.

Ekzüperinin müəmmalı şəkildə ölməsindən 54 il sonra, 1998-ci ildə gözlənilməz bir hadisə baş verib. Sentyabr ayının 26-sı idi. Yağış yağıb və tez-tez şimşək çaxıb. Buna baxmayaraq, “Horizonta” adlı balıqçı gəmisinin sahibi Jan Klod Byanko Marsel və Kassis buxtaları arasında balıq ovunu davam etdirib. Sonuncu toru çəkərək balıqları göyərtəyə tökən və artıq getməyə hazırlaşan Byankonun gözlənilmədən diqqətini parıldayan bir əşya cəlb edib. Əvvəlcə, buna fikir vermək istəməyib və parıldayan əşyanı təsadüfən tora düşən bir metal parçası hesab edib, ancaq bir qədər gedəndən sonra özü də bilmədən geri qayıdaraq parıldayan əşyanı əlinə götürüb. Bu, pas atan köhnə gümüş qolbaq idi. Ehtiyatla qolbağın üzərindəki pası təmizləyib. Qolbağın üzərində əvvəlcə “Antuan”, sonra isə “ Sent-Ekzüperi” sözlərini oxuyanda heyrətdən qışqırıb: “Bu ola bilməz.” Amma qolbağın üzərindəki sözlər açıq-aydın oxunub.Bu tapıntı dərhal beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olub. Qolbağın saxta olub-olmadığı uzun müddət mütəxəssislər tərəfindən diqqətlə öyrənilib. Sonda onun saxta olmadığı, qolbağın həqiqətən də, Sent-Ekzüperiyə aid olması təsdiq edilib. Qeyd edək ki, qolbaqda adı yazılan Konsuelo Sent-Ekzüperinin həyat yoldaşı, Reynal və Xiçkok isə ədibə böyük şöhrət gətirən “Kiçik şahzadə” əsərini çap edən naşirlər idilər. Ünvan isə adıçəkilən kitabın nəşr edildiyi mətbəənin ünvanı idi.

Baxış sayı: 369