XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlərimiz qürur mənbəyimiz” rubrikasında Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimov
ÜMÜMİ XƏBƏRLƏR
25/02/2022 00:18

Araz Səlimov 1960-cı il iyun ayının 1-də Xocalıda anadan olub. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirib. 1978-ci il hərbi xidmətə çağırılıb. 1980-ci ildə ordudan tərxis edilib və doğma yurdu Xocalıya qayıdıb. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayıb.

1988-ci ildən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazılıb. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girib. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşub. Vətənin cəsur oğlu onlarla dinc sakini xilas edib. Erməni vəhşiləri onun izinə düşüblər, Əsgəran rayonunda qardaşı Fəxrəddinlə Arazı vəhşicəsinə min bir əzabla qətlə yetiriblər. Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən üç nəfər həlak olub: Özü, qardaşı və atası.

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 fevral tarixli 533 saylı Fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Araz Səlimov Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.

Baxış sayı: 210