XƏBƏRLƏR
MƏLUMAT
Romantik təbiətli aktyor - Həsənağa Salayev
ÜMÜMİ XƏBƏRLƏR
06/12/2021 02:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı aktyor, Azərbaycan SSR Xalq artisti Həsənağa Salayev haqqında videomaterial hazırlayıb.

Videomaterialda Həsənağa Salayevin ömür yolu haqqında bəhs edilib. Bildirilib ki, Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq üslubu ilə fərqlənən və sevilən aktyorlardan biri də Həsənağa Salayev olub. Yaratdığı obrazlar qalereyasına görə onu haqlı olaraq romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar adlandırırlar.

Romantik və realist personajları, mürəkkəb psixoloji dramatik obrazları məharətlə yaradan Xalq artisti Həsənağa Salayevin anadan olmasının 100-cü ildönümü tamam olub.

Bakıda dünyaya göz açan Həsənağa Salayev 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olub. Bir ildən sonra 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə müharibəyə gedib, bir ildən sonra yenidən doğma teatra qayıdıb. Həsənağa Salayevin kinoda yaratdığı xarakterik rolları bu gün də tamaşaçılar tərəfindən baxılır, sevilir.

Həsənağa Salayev çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boy-buxunu, tamaşada tərəf müqabillərinə diqqəti ilə seçilib. Gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynaya bilib. O, klassik və tərcümə əsərlərində ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirib.

Həsənağa Salayev aktyorluq sənətində qazandığı uğurlara görə 1959-cu ildə “Əməkdar artist”, 1974-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 1981-ci il oktyabrın 2-də dünyasını dəyişib.

Videomateriala aşağıdakı keçidə daxil olaraq izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CXFys4NojaZ/?utm_medium=copy_link

Baxış sayı: 602